• Baş səhifə
  • Analitika
  • Xəbərlər
    • Rusiya
    • Ümumdünya
    • Donbas
    • Ukrayna
    • Krım
    • Suriya
  • Analitika
  • Azərbaycanca (AZ)
  • Русский (RU)
  • Українська (UA)
  • English (EN)
  • Deutsch (DE)
  • Français (FR)
  • Español (ES)
  • Polska (PL)
  • Italiano (IT)
  • Türkçe (TR)
  • Беларуская (BY)
  • Slovenský (SK)
  • Čeština (CZ)
  • Lietùvių (LT)
  • ქართული (GE)
  • Nederlands (NL)
  • Português (PT)
  • Magyar (HU)
  • Български (BG)
  • 中文 (CN)
  • 日本語 (JP)
  • Svenska (SV)
  • 한국어 (KR)
  • Татарча (TAT)
  • العربية (AR)
Language (Azərbaycan)
  • Українська (UA)
  • Русский (RU)
  • English (EN)
  • Deutsch (DE)
  • Français (FR)
  • Español (ES)
  • Беларуская (BY)
  • Български (BG)
  • Polska (PL)
  • Čeština (CZ)
  • Slovenský (SK)
  • Lietuvių (LT)
  • Latvijas (LV)
  • Nederlands (NL)
  • Português (PT)
  • Italiano (IT)
  • Svenska (SV)
  • Norsk (NO)
  • Dansk (DK)
  • ქართული (GE)
  • Română (RO)
  • Magyar (HU)
  • Ελληνικά (EL)
  • Deutsch (AT)
  • العربية (AR)
  • Türkçe (TR)
  • Azərbaycan (AZ)
  • Татарча (TAT)
  • 日本語 (JP)
  • 中文 (CN)
  • 한국어 (KR)

    Logo

    İnformNapalm-ı dəstəkləyin
    Navigation
    • Ana səhifə
    • Xəbərlər
      • Rusiya
      • Ümumdünya
      • Donbas
      • Ukrayna
      • Krım
      • Suriya
    • Analitika
    • Haqqımızda
    • Əlaqə
    • Dillər

    Rosatom və Paks II: Macarıstanda nümayiş hazırlıqlarında Rusiya xarici kəşfiyyatının izləri

    By 2476 | on Oktyabr 26, 2026 | 0 Comment | Hacker (haker) | Ümumdünya | Xəbərlər
    • ua
    • tr
    • az
    • sv
    • kr
    • no
    • dk
    • at
    • fi
    Rosatom və Paks II layihəsinə dəstək üçün Macarıstanda planlaşdırılan nümayiş

    İnformNapalm “Ukrainian Militant” analitik qrupu ilə birlikdə “256 Cyber Assault Division” haktivistlər qrupunun əldə etdiyi materiallar əsasında aparılmış eksklüziv kibərkəşfiyyat (CYBINT) araşdırmasının nəticələrini dərc edir. Bu materiallara Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) əməkdaşları ilə bağlı sənədlər, şəxsi və xidməti yazışmalar, fotoşəkillər və digər fayllar daxildir.

    Araşdırma Macarıstanın paytaxtı Budapeştdə Paks II atom elektrik stansiyası layihəsinə dəstək məqsədilə planlaşdırılmış ictimai aksiyaların hazırlığı ilə Rusiya kəşfiyyatına bağlı şəxslər arasında əlaqələrə dair dəlilləri üzə çıxarıb. Paks II layihəsi Rusiyanın dövlət nüvə enerjisi şirkəti Rosatomun iştirakı ilə həyata keçirilir.

    Budapeştdəki “aktivka” barədə elektron məktub

    2026-cı il sentyabrın 16-da Rusiya ordusunun polkovniki Timur Sirtlanov 33949 saylı hərbi hissə ilə bağlı polkovnik-leytenant İrina Parmana elektron məktub göndərib. Məktubun mövzu sətrində rusca “активка” (aktivka) sözü yazılmışdı. Sirtlanov məktubunda belə qeyd edib:

    Активку в Будапеште перенесли. Сможешь профайлинг сделать на завтра?

    Budapeştdəki “aktivka” təxirə salınıb. Sabahadək şəxsə dair profil hazırlaya bilərsən?

    İrina Parmana göndərilmiş Timur Sirtlanovun elektron məktubu

    Timur Sirtlanovun 16 sentyabr 2026-cı il tarixli məktubu. Sirtlanov Budapeştdə planlaşdırılan “aktivka”nın təxirə salındığını bildirir və İrina Parmandan şəxsə dair profil hazırlamasını xahiş edir. Mənbə: sızdırılmış materiallar.

    “Aktivka” Rusiya kəşfiyyat dairələrində “aktiv tədbir” adlandırılan, əvvəlcədən planlaşdırılmış təsir əməliyyatını ifadə edən jarqon sözdür. Sovet və Rusiya kəşfiyyat fəaliyyətində bu anlayış siyasi proseslərə və ictimai rəyə təsir göstərmək məqsədilə həyata keçirilən tədbirləri bildirir. Belə fəaliyyətlər informasiya kampaniyalarını, agentlərdən istifadəni və əvvəlcədən təşkil olunmuş ictimai aksiyaları əhatə edə bilər.

    33949 saylı hərbi hissə uzun illərdir açıq mənbələrdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin tərkib hissəsi kimi göstərilir. Rusiyanın “Novaya qazeta” qəzeti hələ 2010-cu ildə SVR Veteranlar Şurası sədrinin yazışmalar üçün bu hərbi hissənin ünvanından istifadə etdiyini xəbər vermişdi. Keçmiş kəşfiyyat əməkdaşı Anatoli Korendyaşevin də həmin hərbi hissədən aldığı əməkhaqqını gəlir bəyannaməsində göstərdiyinə dair qeydlər mövcuddur.

    Videoya birbaşa Facebook-da baxın.

    33949 saylı hərbi hissənin adı 2026-cı ilin payızında aparılmış başqa bir CYBINT araşdırmasında da çəkilib. “Polyus-24” və 33949 saylı hərbi hissə ilə bağlı araşdırmada kibermütəxəssislərin əldə etdikləri sənədlər Rusiyanın strateji nüvə qüvvələrinin bir hissəsi barədə məlumatları üzə çıxarıb.

    Sirtlanovun məktubunu aşkar etdikdən sonra təhlilçilər Budapeştdə keçirilməsi planlaşdırılan Rusiyayönlü aksiyalar barədə məlumat toplamağa başlayıblar. Axtarış zamanı Facebook elanları, Paks II layihəsinə dəstək nümayişinin təşkilatçılarının istifadə etdiyi Telegram qrupu və faylların metaməlumatlarında İrina Parmanın əvvəllər istifadə etdiyi adın qeyd olunduğu təşviqat materialları müəyyən edilib.

    Paks II layihəsinə dəstək nümayişinə hazırlıq

    2026-cı il sentyabrın 16-da “Zoltan Biro” adlı Facebook hesabından Macarıstanda və digər Avropa ölkələrində yaşayan rusdilli şəxslərin daxil olduğu qruplarda elanlar yerləşdirilib. Elanlarda Macarıstanın enerji təchizatının və infrastrukturunun inkişafı ilə bağlı layihədə iştirak etmək üçün təşəbbüskar şəxslər axtarılırdı. Müraciət xüsusilə Budapeştdə yaşayan rusdilli icmaya ünvanlanmışdı.

    Tədbirin sentyabrın 20-də keçirilməsi planlaşdırılmışdı. Lakin açıq elanlarda nə Rosatomun, nə də Paks II atom elektrik stansiyası layihəsinin adı çəkilirdi.

    Budapeştdə enerji layihəsi üçün iştirakçıların cəlb edilməsinə dair Facebook elanı

    Enerji və infrastruktur sahəsində təşəbbüs kimi təqdim edilən layihəyə Budapeştdə yaşayan rusdilli şəxslərin dəvət olunduğu elan.

    Araşdırma qrupu ayrıca hesab vasitəsilə təşkilatçı ilə əlaqə saxlayıb və “ДРУЖБА НАРОДОВ” (“Xalqlar dostluğu”) adlı Telegram qrupuna dəvət olunub. Həmin vaxt qrupda 106 üzv vardı. Yazışmalarda tədbirin məqsədi açıq şəkildə göstərilirdi: Rusiya ilə Macarıstanın birgə nüvə enerjisi layihəsi olan Paks II-ni dəstəkləmək.

    Nümayişin sentyabrın 20-də saat 12:00 radələrində Macarıstan parlamentinin yaxınlığındakı Koşut Layoş meydanında keçirilməsi nəzərdə tutulurdu. Təşkilatçılar iştirakçılara plakat və vərəqələr hazırlamaq üçün fayllar göndərir, onları özlərinin çap etdirməsini istəyirdilər.

    Mesajlardan birində əlavə ödəniş ehtimalı da qeyd olunurdu. Təşkilatçılar ödənişin məbləği və qaydası barədə sonradan məlumat veriləcəyini bildiriblər. Bununla belə, araşdırılan materiallarda iştirakçılara həqiqətən pul ödənildiyini təsdiqləyən hər hansı sənəd aşkar edilməyib.

    Paks II nümayişinə hazırlıqla bağlı Telegram mesajları

    Telegram qrupunda Paks II layihəsinə dəstək, nümayişin hazırlığı və iştirakçılara ödəniş ehtimalı barədə yazışmalar.

    Daha sonra təşkilatçılar nümayişin sentyabrın 20-dən 26-na keçirildiyini elan ediblər. Səbəb kimi yerli orqanlardan alınmalı olan icazənin gecikməsi göstərilib.

    Sirtlanov isə hələ sentyabrın 16-da Parmana Budapeştdəki “aktivka”nın təxirə salındığını bildirmişdi. Məkan, vaxt və plan dəyişikliyinin üst-üstə düşməsi onun nümayişə hazırlıqdan xəbərdar ola biləcəyinə işarə edir. Lakin həmin elektron məktub Sirtlanovun nümayişin təşkilində konkret hansı rolu oynadığını və ya hansı səlahiyyətlərə malik olduğunu müəyyən etməyə imkan vermir.

    Faylların metaməlumatları İrina Parmana işarə edir

    Araşdırmaçılar Telegram qrupunda paylaşılan təşviqat materiallarının saxlandığı arxivə giriş əldə ediblər. Plakatlardan birində macar dilində “Az atom a természet barátja!” ifadəsi yer alırdı. Bu ifadə “Atom təbiətin dostudur!” deməkdir.

    PDF faylının xüsusiyyətlərində müəllif kimi “Ирина Ларина” (İrina Larina) adı qeyd olunmuşdu. Faylın metaməlumatlarını əks etdirən saxlanılmış ekran görüntüsünə əsasən, sənəd 2026-cı il sentyabrın 16-da yaradılıb, sentyabrın 18-də isə dəyişdirilib. Hər iki tarix Sirtlanov ilə Parmanın yazışdığı və nümayişə hazırlığın davam etdiyi dövrə təsadüf edir.

    PDF metaməlumatlarında müəllif kimi İrina Larina adının göstərildiyi sənəd

    Nüvə enerjisinə dəstək məqsədilə hazırlanmış təşviqat materialı. PDF faylının metaməlumatlarında müəllif kimi İrina Larina adı göstərilir.

    Parmanın şəxsi arxivinin təhlili nəticəsində onun Rusiyanın “Moy Mir” sosial şəbəkəsində nikahdan əvvəlki Larina soyadından istifadə etdiyi müəyyən olunub.

    İrina Parmanın Moy Mir profili

    Sənədin metaməlumatlarındakı adın Parmanın sosial şəbəkə profilində istifadə etdiyi adla üst-üstə düşməsi, faylın yaradılma və dəyişdirilmə tarixləri, eləcə də “aktivka”nın xatırlandığı elektron məktub birlikdə nəzərdən keçirildikdə, planlaşdırılan nümayişlə sızdırılmış SVR materiallarında adı keçən şəxslər arasında daha bir bağlılıq üzə çıxır.

    SVR ilə bağlı polkovnik-leytenant İrina Parman

    Sızdırılmış xidməti sənədlərə əsasən, İrina Dmitriyevna Parman polkovnik-leytenant rütbəsinə malikdir və 33949 saylı hərbi hissə ilə bağlıdır. Onun ixtisas sahəsi şəxslərin psixoloji və davranış profillərinin hazırlanmasıdır. Bu metod insanın davranışını, reaksiyalarını və psixoloji xüsusiyyətlərini təhlil edərək niyyətlərini qiymətləndirməyə və gizlətməyə çalışdığı məlumatları müəyyən etməyə yönəlib.

    İrina Parmanın tərcümeyi-halı

    İrina Parmanın pasportu

    İrina Parmanın xidməti ilə bağlı sənədlər

    İrina Parmanın profil hazırlama ixtisasına dair sənəd

    İrina Parmanın hərbi rütbəsi, xidmət keçmişi və şəxslərin profillərinin hazırlanması sahəsində ixtisaslaşması ilə bağlı sənədlər.

    Sızdırılmış materiallar arasında SVR Akademiyasına aid tədris sənədləri də var. Bu sənədlərdə Parman təlim mərkəzinin yeddinci bölməsində müəllim kimi göstərilir. Onun tədris etdiyi kurs əməliyyat kəşfiyyatı fəaliyyətində istifadə edilən psixoloji metodlara həsr olunub.

    Timur Sirtlanov: Rusiya polkovniki və hərbi şərhçi

    Elektron yazışmada adı çəkilən digər şəxs Timur Maratoviç Sirtlanovdur. Rusiya ordusunun polkovniki olan Sirtlanov “Rusiya Zabitləri” adlı təşkilatın rəyasət heyətinin üzvüdür və Rusiya mediasında müntəzəm olaraq fikirlərinə müraciət edilən hərbi şərhçidir. Rusiya mətbuatında o, hərbi xidmət keçmişi olan şəxs kimi təqdim edilir. 2024-cü ildə yayımlanmış bəzi materiallarda isə BARS-Kursk birləşməsinin hərbi-siyasi işlər üzrə komandir müavini kimi qeyd olunub.

    Sirtlanovun şərhləri “Moskovski Komsomolets” və “Arqumentı i Faktı” kimi Rusiya qəzetlərində müntəzəm dərc olunur. O, Ukraynaya qarşı aparılan müharibə, Ukrayna kəşfiyyat və təhlükəsizlik xidmətlərinin fəaliyyəti, eləcə də Rusiyanın hərbi siyasəti barədə açıqlamalar verir.

    Sızdırılmış materiallar arasında Sirtlanovun dövlət sirri təşkil edən məlumatlara çıxış icazəsini göstərən sənəd də var. Sənəddə İrina Parmanla bağlı 33949 saylı hərbi hissənin möhürü yer alır. Bu sənəd Sirtlanovun həmin hərbi hissə ilə sənədlərdə əks olunan bağlılığını təsdiqləsə də, onun 2026-cı ilin sentyabrında konkret hansı vəzifəni tutduğunu müəyyən etməyə kifayət etmir.

    Timur Sirtlanovun dövlət sirrinə çıxış icazəsinə dair sənəd

    Parmanın şəxsi arxivindəki məlumatlara görə, Parmanla Sirtlanov arasındakı münasibətlər ən azı 2017-ci ilə gedib çıxır.

    İrina Parman və Timur Sirtlanov

    Sızdırılmış materiallarda onların iş məsələləri barədə yazışmaları və şəxsi elektron poçt hesabları vasitəsilə göndərilmiş sənədlər də var. İnformNapalm-ın sərəncamında Sirtlanovla bağlı digər şəxsi və xidməti fotoşəkillər, eləcə də sənədlər mövcuddur. Həmin materiallar gələcək araşdırmalarda təhlil ediləcək.

    Rusiya polkovniki Timur Sirtlanov

    Rusiya polkovniki Timur Sirtlanov

    Paks II layihəsinin siyasi fonu

    Rusiyayönlü nümayişə hazırlıq Péter Magyar hökumətinin hakimiyyətə gəlməsindən sonra Rusiya ilə Macarıstan arasındakı münasibətlərin pisləşdiyi dövrə təsadüf edib. Macarıstan hökuməti 2026-cı il sentyabrın 8-də diplomatik statuslarına uyğun olmayan fəaliyyətlə məşğul olduqları səbəbindən on Rusiya diplomatının ölkədən çıxarılacağını açıqlayıb. Xarici işlər naziri Anita Orban bu qərarı ölkənin təhlükəsizliyini və suverenliyini qorumağa yönəlmiş tədbir kimi qiymətləndirib. Lakin hökumət diplomatlara qarşı konkret ittihamları ictimaiyyətə açıqlamayıb.

    İki ölkə arasındakı ən həssas məsələlərdən biri Rusiyanın dövlət şirkəti Rosatomun iştirakı ilə iki yeni reaktor blokunun tikintisini nəzərdə tutan Paks II atom elektrik stansiyası layihəsi olub.

    Macarıstan polisi 2026-cı il avqustun 26-da Paks II ilə bağlı maliyyə əməliyyatlarına dair araşdırmaya başlayıb. Macarıstanın “Telex” xəbər saytının məlumatına görə, araşdırma çərçivəsində 2025-ci ilin dekabrında həyata keçirilmiş 80 milyard forint məbləğində kapital artımı da nəzərdən keçirilirdi. “Telex” həmçinin Avropa İttifaqı Məhkəməsinin 2025-ci ilin sentyabrında layihəyə dövlət yardımının göstərilməsinə dair Avropa Komissiyasının təsdiq qərarını ləğv etdiyini xatırladıb.

    Oktyabrın 12-də Rusiyanın Xarici Kəşfiyyat Xidməti SVR Avropa Komissiyasının rəhbərliyini və Ursula fon der Lyayeni Rosatoma qarşı informasiya kampaniyası aparmaqda ittiham edən bəyanat yayıb. SVR-in iddiasına görə, kampaniyanın məqsədi Macarıstan hökumətinə təzyiq göstərərək onu nüvə enerjisi sahəsində Rusiya ilə əməkdaşlığı dayandırmağa məcbur etmək olub. Lakin Rusiya kəşfiyyat xidməti bu ittihamları müstəqil şəkildə yoxlamağa imkan verən sübutlar təqdim etməyib.

    Paks II nümayişinə hazırlıqla bağlı görüntü

    Nümayiş ləğv edildi, rəqəmsal izlər qaldı

    Əvvəlcə sentyabrın 20-nə planlaşdırılan, daha sonra sentyabrın 26-na keçirilən Paks II-yə dəstək nümayişi baş tutmayıb. Telegram qrupunun iştirakçılarının mesajlarına əsasən, təşkilatçılar tədbiri başlanmasına təxminən yarım saat qalmış ləğv ediblər. Ləğvin səbəbi hələ də məlum deyil.

    Bununla belə, hazırlıq prosesinin rəqəmsal izləri qalmaqdadır. Həmin izlər İrina Parman və Timur Sirtlanovun xidməti sənədləri ilə birlikdə qiymətləndirildikdə, Budapeştdə planlaşdırılan nümayişlə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə bağlı şəxslər arasında müəyyən əlaqələrin olduğunu göstərir.

    Rusiya kəşfiyyat xidmətlərinin Avropa İttifaqı ərazisindəki fəaliyyəti uzun müddətdir yalnız informasiya kampaniyaları və kiçikmiqyaslı nümayişlərlə məhdudlaşmır. Son illərdə Avropanın hüquq-mühafizə orqanları Rusiya kəşfiyyatı ilə əlaqəli olduğu bildirilən qəsdən törədilmiş yanğınları, təxribat və digər əməliyyat hallarını da sənədləşdiriblər.

    Buna görə də Budapeştdəki nümayişin ləğvi həmin şəxslərin fəaliyyətlərini dayandırdıqları demək deyil. Başqa təsir əməliyyatlarına üstünlük verilmiş olması ehtimalını da istisna etmək olmaz. Belə fəaliyyətlərlə bağlı yeni məlumatların gələcəkdə üzə çıxması mümkündür.


    İnformNapalm-ın digər məqalələrini oxuyun

    • Rusiyanın kölgə donanması bayraqlarını dəyişir və mövqelərini saxtalaşdırır
    • OSINT Rusiyanın Mangas çoxrotorlu PUA-sının arxasındakı şəxsləri və qurumları müəyyənləşdirir
    • Rusiya dezinformasiyası saxta xəbərlər vasitəsilə yayılır, süni intellekt xidmətləri də onu təkrarlayır

    Azərbaycan dilində İnformNapalm Materiallarımız mənbə göstərilməklə sərbəst şəkildə paylaşıla və yenidən dərc edilə bilər. Creative Commons – Attribution 4.0 International – CC BY 4.0. Facebook, X və Telegram-da İnformNapalm səhifələrini oxuyun.

    İnformNapalm heç bir hökumətdən və ya sponsordan maliyyə dəstəyi almır. Yeganə sponsorlarımız fərdi könüllülər və oxuculardır. Siz həmçinin BuyMeACoffee vasitəsilə aylıq kiçik ianələr etməklə İnformNapalm-a dəstək ola bilərsiniz.

    Tags: BudapeştCYBINTMacarıstanNüvə enerjisiPaks IIRosatomRusiya kəşfiyyatıRusiya Xarici Kəşfiyyat XidmətiSVRtəsir əməliyyatları

    Comments are closed.
    İnformNapalm-a bir qəhvə alın
    Dzyanis İvaşin
    Tam miqyaslı işğalda iştirak edən Rusiya hərbi hissələrinin məlumat bazası

    Alovlar içində Donbas: Münaqişə zonasına bələdçi kitabını oxuyun"Alovda Donbas - Münaqişə Zonası Bələdçisi" kitabını oxumağı tövsiyə edirik. Prometey Mərkəzi tərəfindən nəşr olunan bu əsər, tədqiqatçılar, müdafiə mütəxəssisləri, jurnalistlər, diplomatlar və Ukraynanın şərqindəki müharibə haqqında daha çox məlumat əldə etmək istəyən hər kəs üçün dəyərli bir mənbədir. Bu kitabı oxuyaraq, regiondakı mürəkkəb dinamikaları və cari vəziyyəti daha dərindən anlamaq imkanına sahib olacaqsınız.

    Ödənişsiz PDF yükləyin
    • Popular
    • Recent
    • Comments
    • Rusiya peşəkər ordusu Ukraynada. Araşdırma və infoqrafika.

      Sentyabr 11, 2015 - 0 Comment
    • Rusiyanın kölgə donanması bayraqlarını dəyişir və mövqelərini saxtalaşdırır

      Oktyabr 24, 2026 - 0 Comment
    • Rusiya – terrorizmin sponsorudur

      Dekabr 21, 2015 - 0 Comment
    • Rusiyanın kölgə donanması bayraqlarını dəyişir və mövqelərini saxtalaşdırır

      Oktyabr 24, 2026 - 0 Comment
    • #BabakovLeaks – Aleksandr Babakovun Fransa ilə əlaqələri və Rusiyanın təsir şəbəkəsi

      Oktyabr 19, 2026 - 0 Comment
    • Bolqarıstandakı Alfa-Metal şirkətinin Rusiya xüsusi təyinatlı qüvvələrinin keçmiş hərbçiləri ilə əlaqələri

      Oktyabr 17, 2026 - 0 Comment

    Ukrayna xəbərləri Azərbaycan dilində

    İnformNapalm, Rusiyanın Ukraynaya qarşı müharibəsi haqqında məcmu faktları, rus işğalçıları haqqında təfərrüatları və Rusiyanın hibrid müharibəsi haqqında xəbərləri dərc edən qurulmuş onlayn resursdur. Toplanan məlumatlara əlavə olaraq videolar, fotoşəkillər, peyk şəkilləri və sosial media da işlənir. Bizim işimizdə düşmən xəttinin arxasında olan xalqımız mühüm rol oynayır. İnformNapalm-ın könüllüləri Ukraynadakı döyüşlərdə iştirak edən Rusiya silahları və hərbi birləşmələri haqqında unikal interaktiv məlumat bazası hazırlayıblar. Fəaliyyətimizin mühüm hissəsi faktların yoxlanması, medianın monitorinqi və Rusiya dezinformasiyasına qarşı mübarizədir. Bundan əlavə, İnformNapalm Gürcüstanda, Suriyada, Şərqi və Mərkəzi Avropanın digər ölkələrində və Yaxın Şərqdə davam edən hibrid münaqişələrdə Rusiya rejiminin real rolu barədə dünyaya məlumat verir. İnformNapalm-a necə dəstək ola biləcəyiniz haqqında ətraflı oxuyun.

    CC BY 4.0 - Məqalədə başqa hal nəzərdə tutulmayıbsa, bütün məzmun Creative Commons 4.0 Beynəlxalq Lisenziyasına əsasən lisenziyalaşdırılıb.

    ETİKETLƏR

    ATƏT Cyber Resistance Donbas Donbass InformNapalm Krım NATO OSINT PUA Rusiya Ukrayna Ukraynadan xəbərlər
    • Ana səhifə
    • Məxfilik siyasəti
    • Əlaqə
    • Dillər
    © 2014–2026. İnformNapalm. Bütün hüquqlar qorunur.